” Zaman və Yerimiz “

0
1162

Salam Allah! Salam tanıdığım, tanımadığım adı və qeyri-adi güclər! Salam bəşəriyyət! Salam aləm! Salam təbiət! Ən kiçik hüceyrəsindən, ən böyük canlılara, canlıların yaratdıqları cansızlara belə salam! Salam! Salam!

Mənim adım Bənövşədir. Məncə ruhumun adı da Bənövşə olsa yaxşı olar. Çünki Bənövşə adı mənə yaraşır. Siz məni tanıyırsınız, salam verdiyim hər şey, hər kəs məni tanıyır. Ürəyim sıxılanda, darıxanda, gözlərim dolanda, boşalanda, sakit duranda, qışqıranda, üsyan edib hayqıranda, tufana düçar olub, tufana qapılıb, sovrulunda, bu həyat yolunda alovlanıb qovrulanda, üşüyüb buz tutanda, ən xırda sevinclərimdən, ən böyük sevinclərimə qədər,ən saxta gülüşlərimdən, ən həqiqi gülüşlərimə şahid olan sizsiniz. Canlı və cansız, qüsurlu, qüsursuz şahidlərim, bir də mükəmməl şahidim… Nə yaşadıqlarımı yazmağa, danışmağa, məni nə qədər şair, yazıçı yaratsa da gücü yetmir sözlərin. Elə şahidliyiniz bəsdir, kifayətdir…
Saat 04:53-dür. Yenə bir gecəni sevə – sevə açıram… Mən gündüzlərdən qaçıram… Ən çox gündüzlər sıxılıram. Gecələr yatmamaq pis vərdiş imiş, ziyan imiş, zərər imiş… Amma mən gecələrdən heç zərər görmədim. Gecələr kimsə üstümə qışqırmadı, üzümə söymədi, kimsə döymədi. Gecələr gözümün qabağında kimsə kimsəyə haqsızlıq etmədi, mən isə o haqsızlığa susmadım. Mən hər gecə gündüzlərdə yaşadığım dərdi-səri, acını, zəhəri, yığılıb qalmış kədəri yazdım.
Yazmadan öncə çoxlu-çoxlu düşündüm. Düşündükcə yuxum qaçdı. Özümü dinləməyə başladım, mahnıların fonunda. Gecələri sevirəm… Gecələr mahnıları sevdirir, gecələr düşündürür, gecələr insana insan olduğunu xatırladır. Gecələrdə ümidlər ölür, gecələrdə ümidlər doğulur. Hər nə olursa, yaxşıya olur…
Şairin əlinə qələm keçdisə, şairliyi tutar eləcə… Kağızla qələm qovuşdu bu gün. Arzularıma qovuşmağı düşünərkən, qovuşmadiğım arzular bir-birinə həsrət qoyduğum kağız və qələmi qovuşdurdu…
Məni şair yaratdın, insandan əlavə… Amma bax, sənin qədər mükəmməl bir yaradıcı deyiləm. Həsrət qoymuşam kağızla qələmi bir-birinə. Nə olsun şeir yazıram yenə? Nə olsun ki, nələrsə yaradıram? Yaratdıqlarım vətənindən uzaq, mayasından uzaq. Doğur şeirlərim artıq telefon klaviaturalarinda. Bu gün yenə bir şeyin fərqinə vardım…
Arzularıma çatmağı arzularkən, mən burda arzularıma həsrətkən, sən demə, həsrət qoymuşam şairliyin rəmzi olan kağızı və qələmi… Kağız və qələm bir-birinə həsrət olanda belə şeirlər, əsərlər doğdu. Bu şeir və əsərlər yazılma səbəbləri nə olur, olsun kağız və qələmin biri-birinə həsrət ola-ola sevgilərindəki ümiddən doğub. Yenə şair-şair başa saldın məni… Arzularımıza olan sevgimizdəki, eşqimizdəki o ümid məni, səni, onu arzularımıza çatdıracaq.
Su axar, çuxurunu tapar… Mütləq ki, Allah hər kəsi, hər şeyi laiq olduğu yerə qoyar…
Yerimizi isə zamanla görəcəyik…

Bənövşə Mahmudqızı