“Bu gün münaqişə Rusiya-Ukrayna arasında yox, Rusiya-NATO bloku arasında gedir. Ukrayna isə sadəcə bir poliqondur. Dəqiq baxsaq, görərik ki, NATO blokuna daxil olan dövlətlər həm hərbi-texniki, həm maliyyə, həm kəşfiyyat, həm də kadr baxımından bilavasitə bu münaqişədə iştirak edir”.
Terefsiz.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Azad Məsiyev deyib.
O, 1 ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsi çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin (ZSU) arabir Rusiya ərazisinə raket zərbələri endirməsindən və Qərb mətbuatında müharibənin Rusiya ərazisinə sıçraması barəsində ortaya atılan fikirlərdən söz açıb.
Analitikə görə, əgər Qərb dövlətləri, başda ABŞ və NATO bloku Ukraynaya açıq dəstək verməsə və bu münaqişədə iştirak etməsəydi, təbii ki, Rusiya qısa bir müddətdə Ukraynaya tam nəzarət etmək imkanlarına malik idi.
O, iddia edib ki, faktiki olaraq, münaqişə bu gün Rusiya və NATO bloku arasında gedir:
“Əgər Rusiya Ukraynanın 4 vilayətinə (Donetsk, Luqansk, Zaporojye və Xerson – red.) nəzarət edirsə, bu, Rusiyanın NATO alyansı üzərindəki üstünlüyü deməkdir. Təbii ki, bu, hərbi münaqişədir, eləcə də ABŞ burada ən müasir silahlarını Ukraynaya verib və Ukrayna hərbçiləri də bu silahlardan istifadə edib Rusiya ərazisinin sərhəd bölgələrinə ara-bir zərbələr endirir”.
Siyasi şərhçinin qənaətinə görə, bu, o demək deyil ki, müharibə Rusiya ərazisində gedir:
“Faktiki olaraq, Ukrayna bu gün özünün 4 vilayətini Rusiyanın nəzarətindən geri ala bilməyib. Bu yaxınlarda da Rusiya hərbçiləri Donetsk vilayətinin Soledar qəsəbəsinə nəzarəti ələ keçirdi. Yəni münaqişə davam edir və onun bu cür getməsi onu deməyə əsas verir ki, bu münaqişə hələ çox uzun çəkəcək. Əgər münaqişə Rusiyanın ərazisinə keçərsə, bu zaman KTMT Nizamnaməsi işə düşə və münaqişənin arealı daha da böyüyə bilər”.
Mütəxəssis aydınlaşdırıb ki, bu gün dünya ictimaiyyətini narahat edən əsas məqam Rusiya-Ukrayna münaqişəsidir ki, bunun da nəticəsində dünya iqtisadiyyatına böyük ziyan dəyib, onilliklərlə yaranan iqtisadi sistem artıq pozulub:
“Dünyanın bütün dövlətləri də bu münaqişədən zərər çəkir. Bu gün dünyanın ən başlıca məsələsi bu münaqişənin sona çatdırılmasıdır. Təəssüflər olsun ki, bu gün münaqişəni alovlandıran ABŞ onun sönməsinə bilavasitə mane olur. Bildiyiniz kimi, Ukrayna prezidenti Volodimir Zelenski də ABŞ-ın nəzarətində olan bir kadrdır və müstəqil deyil. O, ABŞ-dan gələn təlimatları həyata keçirir”.
A.Məsiyev təklif edib ki, əgər bu gün Zelenski Ukrayna dövləti və xalqı qarşısındakı məsuliyyətini hiss edirsə, o, yeni bir siyasi situasiya yaratmalıdır ki, Rusiya tərəfi də onu qəbul etsin:
“Bu siyasi situasiya bəs nədən ibarət olmalıdır? Rusiyanın buradakı əsas şərtlərindən biri Ukraynanın NATO-ya daxil edilməsi məsələsidir ki, Rusiya buna qəti surətdə qarşı çıxır. Bu baxımdan, Zelenski Qoşulmama Hərəkatına müraciət etməli və heç bir bloka qoşulmama barəsində bir öhdəlik götürməlidir. Bu, birinci addım olmalıdır”.
O, həmçinin, hesab edir ki, Zelenskinin ikinci addımı bu olmalıdır ki, prezident xalq və dövlət qarşısındakı məsuliyyətini hiss etməli, o cümlədən istefa verməli və bütün məsuliyyəti öz üzərinə götürməlidir:
“Belə olan təqdirdə, təbii ki, Rusiya yeni situasiyanı qiymətləndirər və masa arxasında oturub bu məsələni müzakirə edər. Lakin təəssüflər olsun ki, bu gün nə Zelenski, nə də onu himayə edən Qərb və ABŞ bu fikirdədir”.
Rafi MÜSLÜMOV