Əfv sərəncamı olarsa, bu, Azərbaycanda “siyasi məhbus problemi”ni həll edə bilərmi?

0
171

Azərbaycanda insan haqları üzrə yerli QHT-lər meyarlar çərçivəsində əfv olunması istənilən adlardan ibarət siyahı hazırlayaraq, barəsində vəsatət qaldırdıqları şəxslərin adlarını Prezidentə və Əfv Məsələləri Komissiyasına təqdim etdiklərini bildiriblər.

Onlar 28 May Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevin əfv sərəncamı verəcəyini gözləyirlər.

Hazırlanan siyahılara siyasi məhbus kimi tanınan 60-a yaxın şəxsin də adı salınıb.

“Ümid edirəm, qardaşım da azad olunacaq”

2018-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) maliyyələşdirməkdə ittiham olunaraq həbs edilən Rusiya vətəndaşı Saleh Rüstəmovun da adı əfv siyahısına daxil edilən məhbuslar sırasındadır.

Qardaşı Taleh Rüstəmov BBC News Azərbaycancaya müsahibəsində Saleh ilə bazar ertəsi günü danışdığını və onun əfv olunacağına inandığını bildirib.

“Saleh ona verilən cəzanın yarısından çoxunu çəkdiyi, eləcə də həbsdə olduğu müddətdə hər hansı inzibati pozuntuya yol vermədiyi üçün qardaşımın əfv olunacağına ümidim böyükdür. Onun heç azadlıqda olanda da heç kəslə işi yox idi. Eşidirəm ki, digər siyasi məhbuslara həbsxanalarda aqressiv münasibət var, amma qardaşımın həbsdə olduğu 4 il ərzində ona qarşı aqressiya olmayıb”, Taleh Rüstəmov deyib.

“Bakı İnsan Haqları Klubu”nun həmtəsisçisi və hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib ki, həbsində siyasi motiv olan və adları əfv siyahısına salınanlar arasında Saleh Rüstəmovla yanaşı, “Gəncə işi” və “Nardaran işi” üzrə mühakimə olunanlar, AXCP və digər siyasi partiyaların üzvləri, eləcə də keçmiş XTPD-nin (OMON) ömürlük həbs cəzası almış 3 üzvü də var.

Rəsul Cəfərovun sözlərinə görə, həbs olunan şəxsin əfv siyahısına düşməsi üçün başlıca meyar məhbusun ona verilən cəzanın yarıdan çoxunu çəkmiş olmasıdır. Bundan əlavə, siyahı tərtib ediləndə həmin şəxsin törətdiyi əmələ münasibətdə səmimi peşmançılığı, dəymiş zərərin ödənilməsi və ya bu istiqamətdə real addımların atılması, zərərçəkmiş şəxslə barışıq kimi digər meyarlar da əsas götürülür.

Hüquq müdafiəçisi qeyd olunan meyarlar çərçivəsində hazırladıqları siyahıya ümumilikdə 58 məhbusun adının salındığını bildirib.

“Onlardan 4-ü qeyri-siyasi işlər üzrə həbs edilən, 54-ü isə həbsində siyasi motiv görünən vətəndaşlardır. Ümid edirik, əfv sərəncamı vasitəsilə həqiqətən də azadlığa buraxılmağa meyarlar baxımından cavab verən, buna ehtiyacı olan, humanitar və sosial vəziyyəti kifayət qədər ağır olan şəxslərin azadlığa buraxılması təmin ediləcək”, -Rəsul Cəfərov əlavə edib.

O, həmçinin qeyd edib ki, ötən illə müqayisədə bu dəfə əfv siyahısına daxil edilən siyasi motivli məhbus kimi tanınan şəxslərin sayında nisbətən azalma var. Bu isə “Tərtər işi” üzrə həbs edilmiş 30-a yaxın keçmiş hərbi qulluqçuların adlarının builki əfv siyahısına daxil edilməməsindən irəli gəlir.

“Çünki “Tərtər işi” üzrə bir müddət əvvəl yeni istintaq qrupu yaradıldıqdan sonra həbs olunanların işinə yenidən baxılır və onların tam bəraət almaq şansı var”, hüquq müdafiəçisi BBC-yə deyib.

“Bütün müraciətlər prezidentə göndəriləcək”

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyir ki, əfvlə bağlı müraciətlərə baxılması üçün təmsil etdiyi qurum aprelin 26-dan bugünədək 6 iclas keçirib və 600-dən çox müraciətə baxılıb.

Onun sözlərinə görə, müraciətlər arasında barəsində komissiya tərəfindən lehinə və əlehinə səs verilmiş şəxslər də yer alıb. Bununla belə, o, komissiyaya daxil olan bütün müraciətlərin prezidentə təqdim ediləcəyini bildirib.

“Lakin kimlərin və ya neçə nəfərin əfv sərəncamına daxil olacağına prezident qərar verir, bu onun müstəsna konstitusion hüququdur. Əfv Komissiyası prezidentin əfv hüququnun həyata keçirilməsinə yalnız təşkilati və texniki baxımdan yardım edir”, Əliməmməd Nuriyev qeyd edib.

“Siyasi məhbusların azad olmasını xahiş etmişik”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da siyasi baxımdan həbs edilənlərin azad olunması ilə bağlı Prezidentə və Əfv Komissiyasına müraciət ünvanladığını bildirib.

Onun sözlərinə görə, sədrlik etdiyi Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin hazırladığı siyahıya siyasi məhbus kimi tanınan 39 məhbusun adı daxil edilib.

“Hüquq müdafiəçiləri olaraq həm Prezidentə, həm də Əfv Məsələləri Komissiyasına müraciət edib bütün siyasi məhbus hesab edilən şəxslərin azad olunmasını xahiş etmişik. Ümid edirik, təqdim etdiyimiz şəxslər azadllığa qovuşacaqlar. Onların arasında jurnalistlər, bloqerlər, redaktorlar, partiya üzvləri, inanclı şəxslər və digər qrup məhbuslar var”, Novella Cəfəroğlu deyib.

O hesab edir ki, siyasi məhbusların azad edilməsi ölkədə “xoş və müsbət atmosferin artmasına” gətirib çıxaracaq.

Mənbə:”BBC NEWS AZƏRBAYCANCA”

TEREFSİZ.AZ