“ Əhalinin istehlak etdiyi təbii qaza qoyulan limitin ən az iki dəfə artırılması məsələsinə baxılmalıdır ” – Fazil Mustafa

0
385

Fazil Mustafa: ” O qədər ödəniş tələb olunur ki, əhali bir çox halda qazdan istifadədən imtina edir ”.

“ Əhalinin istehlak etdiyi təbii qaza qoyulan limitin ən az iki dəfə artırılması məsələsinə baxılmalıdır ”.

Deputat Fazil Mustafa Milli Məclisdə belə bir təkliflə çıxış edib. O bildirib ki, bununla bağlı əhalinin müxtəlif təbəqələrindən şikayətlər daxil olur:

“ Qaza qoyulan limitin tamamilə ləğv olunması tələbləri də var, ancaq mən real variant üzərində dayanıram. Belə ki, limitin 1700 kubmetrdən 2 dəfə qaldırılması, ən azı 3 min kubmetr olması yoxsul əhalinin problemlərini nisbətən azaltmağa imkan verərdi. Hamının imkanları eyni olmadığı üçün biz birinci növbədə ödəniş qabiliyyəti olmayan yoxsul və orta təbəqənin maraqlarını nəzərə almalıyıq. Təbii qaza tətbiq edilən limit çox aşağıdır. Xüsusən həyət evlərində yaşayan əhali bu limiti tezliklə başa vurur və daha sonra ikiqat pul ödəməyə məcbur olur. Havanın temperaturu elədir ki, aprel ayında belə vətəndaşlar qış rejimi ilə qazı istehlak edirlər. Ancaq o qədər ödəniş tələb olunur ki, bir çox halda qazdan istifadədən imtina edirlər. Bu xalqımızın sərvətidirsə, ilk öncə bu sərvətin faydasını da vətəndaşlarımız görməlidir. İstixanalar və digər obyektlər, xidmət sahələri pul əldə edə bilirlər. Amma yoxsul əhali üçün bu, böyük problemdir. Ona görə də təklif edirəm, limit artırılsın ki, yoxsul əhali də qazdan istifadə zamanı çətinliyə düşməsin “.

Deputat Qənirə Paşayeva da həmkarının təklifini dəstəkləyib. O bildirib ki, bununla bağlı xüsusilə rayonlarda və kəndlərdə yaşayanlardan çoxsaylı şikayətlər daxil olur.

Terefsiz.az