Əli İnsanov hələ 2005-ci ildə İlham Əliyevdən bağışlanmasını istəyib – FAKT

0
505

Martın 16-da Azərbaycan Prezidenti İlham Əliyev bir sıra məhkumların əfv olunması haqqında sərəncam imzaladı. Sərəncama əsasən azadlığa buraxılan şəxslər arasında həmçinin 2005-ci ilin oktyabrında həbs edilmiş keçmiş səhiyyə naziri Əli İnsanov da yer aldı.

Lakin hərtərəfli sübut olunmuş cinayətlər əsasında (vətəndaşlar İnsanovun evindən çıxan qızıl külçələrini hələ də yaxşı xatırlayırlar) həbs olunan keçmiş nazir jurnalistlərə ilk açıqlamasında əvvəlcə oğru dünyasındakı biliklərini nümayiş etdirərək, daha sonra bağışlanmasına görə qərbə və ABŞ-a təşəkkür edib.

Verdiyi bəyanatlarda özünü demokratiya uğrunda sarsılmaz mübariz kimi qələmə verməyə çalışan Ə. İnsanovun reallıqla əlaqələrini itirdiyi və yaddaş problemləri yaşaması kimi ehtimallar irəli sürməyə əsas verən məlumatlar əldə olunub.

Belə ki,  Əli İnsanov hələ 2005-ci ilin oktyabrında, yəni konkret ittihamlar əsasında həbs olunduqdan dərhal sonra bağışlanmaq üçün Prezident İlham Əliyevə müraciət edib.

Həmin müraciətlə tanış olan oxucular Ə. İnsanovda keçmişini unutmaq kimi bir vərdişin formalaşdığının şahidi ola bilərlər.

Beləliklə, 2005-ci ilin oktyabrında yazılmış müraciətin mətni Əli İnsanova hökm oxunan ərəfələrdə, 2007-ci ildə “525-ci” qəzetdə dərc olunub.

Qəzetin 12 aprel 2007-ci il tarixli 612-ci sayında “Əli İnsanov: Cənab prezident, qarşınızda xəcalət çəkirəm” başlıqlı müraciəti yer alıb.

Həmin müraciətin mətnini heç bir dəyişikliksiz, redaktə etmədən təqdim edirik:

Azərbaycan Respublikasının
Prezidenti
Zati ailələri İlham Əliyev cənablarına
Müraciət

Möhtərəm cənab prezident!

Qarşınızda xəcalət çəkirəm, böyük günah iş tutmuşam, aldanmışam. Mən 15 il əvvəl Ulu Öndər Heydər Əliyevin siyasi platformasına qoşularkən, məqsədim onu qara qüvvələrdən qorumaq, səhhətinin bərpa olunmasına yardımçı olmaq idi.

O illər mərkəzi qəzetlərdə (”Pravda” və s.) yazılara qarşı özümün və dostlarımızın redaksiyalara və mərkəzi Komitəyə teleqramlarımızı göndərərdik. Özünə yazdığım məktublar və teleqramlarla isə təsəllilərim və təbriklərim öz əksini tapardı. Hərdən bu məqsədlə Moskvaya da gedərdim. Ulu Öndərimiz haqqında (“Teatralnaya jizn”) jurnalında ilk müsbət yazıdan sonra Moskvaya gedərək jurnalın redaktoru ilə görüşüb, Azərbaycan ziyalılarının topladıqları çoxsaylı imzaları ilə təşəkkür məktubunu ona çatdırdım. Yazının müəlifi Andrey Karaulova isə hədiyyələr təqdim etdim.

Müraciəti “Pravda” qəzetinə də apardım,ancaq məzmununu bilib, məni qəbul etmədilər. Ulu Öndərimiz Heydər Əliyevin 20 yanvar faciəsi ilə bağlı Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki mətbuat konfransının video yazısını aldıq. Cəlal Əliyevdən götürüb dostum – diş həkimi Rəşidin Mərdəkandakı evində gecə səhərə kimi gizlicə üzünü köçürüb Bakıda və Respublikanın digər rayonlarında ziyalılara payladım.

O vaxtlar mən tibb elmləri doktoru kimi Bakda Elmi-tədqiqat ağciyər xəstəlikləri institutunun direktoru və Tibb Universitetində kafedra müdiri işləyirdim. Alovlu Əliyevçi Əjdər Xanbabayevlə onun iş yerində görüşərdik. Bu görüşlər barədə onun bir həmkarının xatirələr kitabında yazılıb.

Unudulmaz liderimiz Heydər Əliyev Moskvadan Bakıya qayıdarkən Hava Limanına gül-çiçəklə mən də getmişdim.

Akademik Cəlal Əliyevin evində yaşadığı dövrdə isə demək olar ki, mən hər gün baş çəkir, səhhəti ilə məşğul olurdum.

1992-ci ildə böyük təzyiqlərlə Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbayacan Partiyasını yaratdıq. 91-lərə daxil olan 13 nəfər həkim, professoru mən cəlb etdiyimə görə, mənə və ailəmə qarşı təxribatlar və hücumlar başladı. İnstitutda yaratdığım nadir elmi laboratoriyanı gecə vaxtı dağıtdılar və xəstələri mənim üzərimə qaldırmaq üçün su anbarını partlatdılar və “Azadlıq” qəzetində yazdılar ki, Əli İnsanov İnstitutla yox, Heydər Əliyevin siyasətilə məşğul olur.

Şəhərdə mənzilimizə sonra isə məcbur olub yaşam üçün köçdüyüm bağ evimizə gecə vaxtı basqın etdilər və məcburən ailəmlə uzun müddət professor Rafiq Yusifovun Pirşağıdakı bağ evində gizləndik.

Möhtərəm Cənab Prezident!

Sonrakı hadisələr və mənim həyatımın böyük rəğbətlə sevdiyim Heydər Əliyevlə bağlı hissəsi sizin gözlərinizin qarşısında keçib.

Ulu Öndərimizdən sonrakı dövrdə sanki mənim dünyam da dəyişdi, həyata, insanlara küskün düşdüm,mənə belə gəlir psixoloji durumum da dəyişdi,yəqin ona görə də bunu hiss edən müxalif qüvvələr ardı-arası kəsilmədən məni öz tərəflərinə çəkmək, təsirləri altına salmağa çalışırdılar.

Nəhayət Fikrət Yusifovla rastlaşdıq. O özünün və dostlarının mənə xüsusi münasibətləri olduğundan uzun-uzadı danışdı və günlərin bir günü Rəsul Quliyevin məndən Bakıya qayıtması illə əlaqədar pul istəməsini dedi,ancaq həmin pulun konkret nəyə istifadə olunacağını mənə açıqlamadı. Rəsul Quliyevin Fikrət Yusifovun vasitəsilə aldığı pulları səfərə və seçki kampaniyasına deyil,mitinqlər üçün istifadə edə biləcəklərini təəssüf ki, gec başa düşdüm.

Fikrət Yusifovla bir dəfə də görüş onun dəvəti ilə bağ evində olub. Əsas səbəb Eldar Salayevin gözünün mümkün cərrahi müalicəsi ilə bağlı olsa da, söhbət Rəsul Quliyevin Bakıya qayıtmaq istəməsi barədə davam etdirildi və o görüşdə onun qayıtmasına əks bir fikir söyləmədim. Həmin görüşdə Akif Muradəliyev də iştirak edirdi. Biz onunla qonşuyuq və birlikdə gəlmişdik. Ancaq Fikrət Yusifova pul verdiyim ərəfədəki görüşdə isə artıq Rəsul Quliyevin gəlmək arzusunu bilirdim və Fikrət Yusifova onun Bakıya qayıdışının əleyhinə olduğumu və bunun heç bir perspektivi, yaxşı nəticəsi olmadığını təkidlə söylədim.

Beləliklə, Fikrət Yusifovun vasitəsilə uzun illər boyu düşmən münasibətdə olduğum Rəsul Quliyev məni özünün avanturist planlarına bağlamış oldu. Mən düşünürəm Rəsul Quliyevə mənim yardımım yox, məni Sizin nifrətinizə tuş etmək, ona qarşı apardığım kampaniyaların əvəzində məni birdəfəlik məhv etmək lazım imiş.

Bununla belə çox təəssüflənirəm ki, Rəsul Quliyevin çirkin niyyətlərlə Vətənə qayıtmaq planları mənim üçün qətiyyən inandırıcı olmasa da bildiyim bu məlumatları Sizə çatdırmamışam.

Möhtərəm Cənab Prezident!

Mənim Rəsul Quliyev kimi perspektivsiz, ölkədə heç bir nüfuzu olmayan avanturistə qoşulmaları əcaib və bağışlanmazdır, nifrətə layiqdir. Ancaq Sizin yüksək humanistliyinizə və böyük qəlbinizin olmasına da bələdəm. Mənim Ümumilli Liderimiz Heydər Əliyevin qarşısında az da olsa xidmətlərimi nəzərə alıb ilk və son səhvimi əfv etməyinizi dönə-dönə xahiş edirəm.

Böyük mərhəmətinizlə 60 yaşımı, dəfələrlə cərrahi əməliyyatlara cəlb olunduğumu, hal-hazırda səhhətimdə baş verən ciddi problemləri nəzərə alaraq məni bağışlayasınız, ailə üzvlərimə hədsiz sevinc, mənim özümə isə ikinci həyat bağışlamış olarsınız.

Dərin hörmət və ehtiramla,
Əli İnsanov
30.10.05

 

İstinad: Oxu.az